Çoxdan, mən hələ çox kiçik olanda, məşhur “if you are going to San Francisco, be sure to wear some flowers in your hair” mahnısını oxumağı sevirdim və o vaxtlar bir gün həqiqətən San-Fransiskoda olacağımı xəyal etməyə belə cəsarət etmirdim... Golden Gate Bridge-i öz gözlərimlə görəcəyimi, dar küçələrlə gəzəcəyimi və tramvayla sürəcəyimi... Amma həyat çox vaxt gözlənilməz sürprizlər bəxş edir və budur, mən xəyallarımın şəhərindəyəm!
Ah, San-Fransisko! Bu dar küçələrlə gəzmək, gah yuxarı qalxıb, gah təpədən aşağı enmək – böyük bir zövqdür! Burada Golden Gate-dən başqa görəcək çox şey var! San-Fransiskoda Amerikanın ən qədim Çin məhəlləsini (Chinatown) tapacaqsınız, orada Çin restoranında otura və ya ucuz xırda-xuruş və suvenirlər ala bilərsiniz. Həmçinin, hippi hərəkatının başladığı ərazini mütləq tapın, orada dar küçələrlə gəzərkən çoxlu qeyri-adi və maraqlı insanlarla tanış ola, kofe-şopa girə və ya sadəcə pəncərədən gələn reqqi musiqisinin sədaları altında dincələ bilərsiniz. San-Fransiskoda mütləq parkda gəzin, hansı ki, yanılmıramsa, sahəsinə görə Nyu-Yorkdakı Central Park-dan da böyükdür. Starbucks-dan kofe alın və Viktoriya üslubunda tikilmiş rahat küçələrlə tələsmədən gəzin. Və əlbəttə ki, Alkatrasa baş çəkməyi unutmayın! Məşhur həbsxananın yerləşdiyi ada özlüyündə çox gözəldir, artıq oradan açılan mənzərələr üçün ekskursiyaya getməyə dəyər. Həbsxanaya gəlincə... Alkatrası xatırlayanda hələ də tüklərim biz-biz olur... Dəhşətli yerdir, amma nəsə bir şəkildə insanı özünə çəkir... Həyatın və azadlığın bütün gözəlliklərini yenidən qiymətləndirməyə başlamaq üçün kameraya cəmi bir neçə dəqiqəlik girmək kifayətdir.
