Yay, istilik, çimərlik, okean yanımızda. Normal bir insana xoşbəxtlik üçün daha nə lazımdır? Biz də Los-Ancelesdə olanda, onun havası ilə nəfəs alıb, sularında çiməndə xoşbəxtlikdən yeddinci göydə idik. Amma elə oldu ki, biz sadəcə normal insanlar deyilik, biz çarəsiz tələbələrik və bizim xoşbəxtliyimiz uşaqlıq arzusu ətri ilə hopmuş həyəcanlı macəralarsız heç vaxt tam olmazdı. Bəs kim vaxtında televizor ekranı vasitəsilə Las-Veqasın sehrli işıqlarına, nəhəng otellərinə, dəbdəbəli kazinolarına baxıb ora getməyi arzulamazdı? Mən və dostum Denis də istisna deyilik. Las-Veqas bizi öz şanlı nüfuzu və yaxınlığı ilə özünə çəkdi. İş istəkdən hərəkətə keçməkdə qaldı. Bütün variantları nəzərdən keçirib, Las-Veqasa by car səyahət etməyə qərar verdik. Yalnız həmin car-ı və ona əlavə olaraq sürücünü tapmaq qaldı. Bizim bir namizədimiz var idi – dostumuz Rene, heç yerdə işləməyən, treylerdə yaşayan və həyatdan bəxtsiz zövq alan optimist. Bizim bəxtimiz gətirdi! Onunla söhbət qısa oldu: gedirik? əlbəttə gedirik!
Ura, yoldaşlar! İndi əşyaları yığıb, özümüzü bu çoxdan gözlənilən hadisəyə mənəvi cəhətdən hazırlamaq olardı. Büdcəmiz çox məhdud olduğu üçün, yalnız gedib-gəlmək üçün benzinə və oyun avtomatlarında bir az uduzmaq üçün pul götürməyə qərar verdik. Və nəhayət, o gün gəldi. Səhər tezdən evimizdən çıxıb, Santa Monica Beach tərəfə yol aldıq, səyahətimiz elə oradan başladı. Xəritə ilə silahlanıb, yola düşdük. Təxminən üç yüz mil yol qət etməli idik və hesablamalarımıza görə, axşam saatlarında ünvana çatmalı idik. Günəş parlaq parlayırdı, gün çox gözəl idi. Denis və Rene xəritəni və yolu izləyərkən, mən Renenin iti Maylo ilə oynayırdım.
Biz yüz mili rahatlıqla qət etdik, heç nə pislikdən xəbər vermirdi, qəfildən bərk gurultulu səs eşitdim. Rene maşını yol kənarına saxlayıb düşdü, Denis və mən bir-birimizə baxdıq – başladı... Məlum oldu ki, dörd arxa təkərdən biri partlayıb. Təbii ki, qanun üzrə bizdə ehtiyat təkər yox idi. Optimist Rene sükan arxasına keçib dedi: "Narahat olmayın, indi yaxınlıqdakı kəndə yavaşca gedib, yenisini alarıq". Biz trassadan çıxıb, kiçik bir şəhərciyə tərəf yol aldıq. Orada şinləri təmir edən məntəqə tapdıq, sahibi təkərimizə şübhə ilə baxdı, başını buladı və belə təkərlərin artıq istehsal olunmadığını və buradan tapmağımızın çətin olduğunu dedi. Əhvalımız sıfıra endi. Səyahətimiz bununla bitəcəkmi?! Amma Rene təslim olmağı ağlına belə gətirmədi. Biz ətrafdakı demək olar ki, bütün şinləri təmir edən məntəqələri gəzib çıxdıq və hər yerdə eyni sözü eşitdik... Sonuncusu qaldı. Biz təkər axtarmağa gedən satıcını ürəyimiz ağzımızda gözlədik. Və, möcüzə! O, onu tapdı! Xoşbəxtliyimizin həddi-hüdudu yox idi! Rene onu dəyişdi və yolda davam edə bilərdik. Amma bir "amma" var idi. Təkər üçün biz qayıdış yoluna nəzərdə tutulan benzin pulundan ödəməli olduq. Rene bizi Las-Veqasdan evə milyonçu kimi qayıdacağımızla ovutdu və təəccüblüdür ki, bu bizi bir az sakitləşdirdi. Biz yola davam etdik.
Saat 4 p.m.-i göstərirdi, biz Nevada səhraları boyu gedir və onun gözəlliyindən zövq alırdıq. Günəş üfüqdə dayanırdı, qarşı tərəfdə isə bütöv və son dərəcə gözəl ay göründü. Tezliklə qaranlıq düşməyə başladı və benzinimiz tükəndi. Rene trassadan çıxıb, yanacaqdoldurma məntəqəsinə dayandı. Las-Veqasa qədər yüz mildən çox olmayan məsafə qalmışdı. Benzin üçün son pullarımızı verərkən, xəyalımda yalnız bir fikir dövr edirdi – biz ilişdik. Bunun üstünə, Rene bizə çox maraqlı xəbər dedi: onun treylerinin qabarit işıqları yüz ildir ki, işləmirmiş və qaranlıqda yolda davam etməyimizin imkanı yoxdur. Polisə görünməmək də lazımdır, çünki bizim bəxtsiz sürücümüzün sürücülük vəsiqəsinin müddəti bitib və onun üstündə beş cərimə var imiş. Hə, kiminlə yola çıxdıq... Yaxşı, nə etmək olar, elə oradaca gecələməli olduq. Yanacaqdoldurma məntəqəsinin yanında yük maşınları üçün dayanacaq yeri var idi, biz özümüzün çox əziyyət çəkmiş treylerimizi ora sürüb apardıq. Qarnımız çox ac idi, pul isə yox. Qonşu McDonald's-da biz İvan adlı meksikalı uşaqla tanış olduq. O, iş növbəsini bitirirdi və öz şam yeməyini bizə verməyə söz verdi. Heç olmasa, azacıq təsəlli.
Yoldaşlarıma vəziyyət ümumiyyətlə təsir etmirmiş kimi idi, onlar rahat skamyada oturub, reklam bukletlərinə baxırdılar. Eh, kişilər... Onları dürtmələməli oldum – uşaqlar, nə edirik, hər şey pisdir! Bu dəfə onların sabah milyonçu olacağıq demələri mənə təsir etmədi. Və biz nə etməli olduğumuz barədə düşünməyə başladıq. Variantlar çox deyildi, yanacaqdoldurma məntəqəsində dayanan sürücülərdən pul istəyib, bəxtimizi sınamağa qərar verdik. Hə, o vaxta qədər dilənçilik etməyə məcbur olmamışdım, həyatın məni buna gətirəcəyini ağlıma belə gətirməmişdim. Amma bu o qədər də qorxulu deyilmiş. Sürücülər əsasən xoşrəftar və köməyə hazır idilər, bəziləri hətta çox səxavətli. Dostlarım hətta buna öyrəşib qaldılar. Yarım saatdan sonra bizdə nəinki qalan yüz mili qət etmək üçün, həm də mənə şirniyyat və uşaqlara bir qutu pivə almaq üçün də kifayət qədər pul var idi. Həyat öz axarına düşmüş kimi görünürdü, meyvəli konfetləri yeyərkən düşünürdüm. İndi axşam özümüzü nəsə ilə məşğul etməli idik. Yanacaqdoldurma məntəqəmiz səhranın ortasında yerləşir, ətrafda yalnız quru kollar və kiçik dağlar var idi. Onları (dağları, kolları yox)) öyrənməyə qərar verdik. Maşından uzaqlaşdıqca ətraf lal-dinməz və qaranlıq olurdu. Qaranlıq o qədər qatı idi ki, onu bankaya salıb, evə aparmaq olardı. Yuxarı qalxmaq üçün rahat yer tapıb, təpəyə çıxmağa cəhd etdik. Kollar ağrılı sancırdı və mən qorxurdum, ona görə də zirvəyə çıxa bilmədim, təəssüf... Denisin hekayələrinə görə, oradan çox gözəl mənzərə açılırdı. Aşağı düşüb, təkərli evimizə qayıtdıq. Vaxt gec idi, ona görə də gecənin qalan hissəsini həyatın mənası haqqında fəlsəfi söhbətlərlə keçirməyə qərar verdik, onlar nədənsə dəhşətli hekayələrlə bitdi.
Ertəsi gün səhər tezdən yola düşdük. Bir neçə saatdan sonra arzulanan şəhərə çatdıq. Əlbəttə, gündüz o bizdə o qədər də böyük təəssürat yaratmadı, biz ən maraqlı şeylərin bu yerdə gecə baş verdiyini bilirdik. Bizim böyük sürücümüz itmədi və treylerini kiçik bir otel ərazisinə sürüb girdi, bu səbəbdən günümüz az sayda qonaqlarla birlikdə hovuzda çimməklə başladı. Gözəllik! Amma dincəlməyə vaxtımız çox deyildi, bizi böyük işlər gözləyirdi! Nahara yaxın yığışıb, Las-Veqası fəth etməyə getdik. Yeri gəlmişkən, Las-Veqas – bu bir küçəli şəhərdir. Bütün dəbdəbəli otellər və kazinolar bir-birinin ardınca yerləşir və uzaq gəzmək şərt deyil. Birincisinə, yəni MGM Grand-ə girib, dilimiz kəlməyə gəlmədi. O, o qədər nəhəng və dəbdəbəli idi ki! İlk növbədə avtomatlara yapışdıq. Bir neçə dəfə bəxtimizi sınayıb, bu işin bir az faydasız olduğuna əmin olduqdan sonra, başqa şeyə yayınmağa qərar verdik. Məhz o anda insanların şüşə hasar yanında toplandığını fərq etdik. Məlum oldu ki, bu vaxt ora əsl şirləri buraxırlar! Və bax, iki nəhəng pişik heyran qalmış kütlənin alqışları altında hasar içinə qaçıb girdilər. Bunu möhtəşəm demək azlıq edir. Hər şey o qədər məharətlə edilmişdi ki – onların qorxulu nəriltisi eşidilirdi, hasar içində tamaşaçılar üçün xüsusi tunel edilmişdi və bir anda şir birbaşa üstümüzdə peyda oldu. Nəfəsim içimə düşdü!
MGM-də bir saatdan artıq gəzişib, nəhayət yolda davam etdik. Növbəti otellər də az maraqlı deyildi. Onların sahibləri daha çox insanı cəlb etmək üçün nələri düşünməyiblər. Dəbdəbəli bəzək haqqında danışmasa da olar. Otellərdən birində biz müxtəlif tərəvəz və meyvələrlə dolu nəhəng stendə rast gəldik, sonradan mədəmizin köməyi ilə müəyyən etdik ki, onlar əsl imiş! Mənə ən çox Venetian oteli xoş gəldi, Las-Veqasın ortasında kiçik Venesiya. Həyatımda İtaliyanın bu gözəl şəhərində olmaq xoşbəxtliyinə nail olmuşam və onların oxşarlığını öz gözümlə qiymətləndirə bildim. Biz kanallar üstündəki körpülər boyu gəzişdik, əsl qondolada uçduq, gözəl italyan musiqisini dinlədik.
Küçədə biz gözəl oxuyan fəvvarələri tamaşa etməyə müvəffəq olduq. Onlar hər yarım saatdan bir yanır və rəngarəng su axınları musiqi sədaları altında səmaya qalxır... Otellərdən biri xəzinələr adası üslubunda bəzədilmişdi, orada biz əsl quldur gəmisini gördük.
Bütün gün Las-Veqas boyu gəzişib, yorğunluğu da hiss etmədik. Başımız yeni təəssüratlarla o qədər məşğul idi ki, nəsə ötürməməyə çalışırdıq. Qəlbim sadəcə sevinirdi, rəqs etmək və gülmək istəyirdim! Amma, təəssüf ki, gün öz sonuna çatırdı, daha doğrusu, artıq çatmışdı. Qayıdış yolunda biz bir daha arzu olunan şəhərin hər bir parçasına nəzər salmağa çalışdıq, ona yenidən qayıdacağam, yoxsa yox, bilmirdim. Biz onun havası ilə nəfəs aldıq, yerinə qədəm qoyduq, səmasına baxdıq... Evə çatanda, ayaqlarımızdan güc qalmamışdı. Artıq söz-söhbətsiz uzanıb, yuxuya getdik.
Səhər tetik və xoşbəxt oyandıq. Arzumuzla vidalaşmaq vaxtı gəldi. Amma, şübhəsiz, indi onu "həyata keçmiş" siyahısına yazmaq olardı. Həyatımda belə təəssüratlarla zəngin gün olmamışdı. Səhər tezdən rahat otelimizdən çıxıb, benzin üçün pul "qazanmaq" üçün yenə ən yaxın şəhərətrafı yanacaqdoldurma məntəqəsinə yol aldıq. Bu dəfə hər şey daha asan oldu, çünki indi biz kazinoda bütün pullarımızı uduzduğumuzu deyirdik. Yetərli pul yığıb, yanacaq doldurduq və yola düşdük. Arxaya yol mənə daha xoş gəldi, bu başa düşüləndir. Gün çox gözəl, o qədər də isti deyil, amma günəşli idi. Pəncərə arxasında səhra mənzərəsi ötüb gedirdi, uzaqda kiçik dağlar görünürdü. Qəfildən bərk səs məni mənzərədən yayındırdı və biz yenə yol kənarına dayandıq. İnanmaq olmurdu – yenə təkərimiz partladı, bu dəfə qabaqkı. Nəhayət belə olsa?! Bu dəfə yaxınlıqda heç bir kənd yox idi, yalnız yolun sağ tərəfində hansısa zibilxana var idi. Başqa əlac yox idi, orada bəxtimizi sınamağa qərar verdik. Qabaq təkərsiz yoldan çıxıb, axtarışa düşdük. Məlum oldu ki, bu o qədər də zibilxana deyilmiş. Bunu daha çox köhnə əşyalar qəbiristanlığı adlandırmaq olardı. Burada köhnə treylerlər, yeri gəlmişkən, çox işlək vəziyyətdə, maşınlar, ehtiyat hissələri, hətta bio-tualetlər də var idi. Biz bu qəbiristanlıqda kiminsə yaşadığını fərq etdiyimizdə ən çox təəccübləndik! Treylerlərdən birindən çox saqqallı bir kişi çıxıb, çəkiclə hansısa dəmirə vurmağa başladı. Ondan kömək istəməyə qərar verdik. Yaxınlaşıb, onun treyleri yanında darıxan iti olan itxana, səpələnmiş uşaq oyuncaqlarını gördük. Bir az aralıda iki sevimli eşşəyi olan kiçik tövlə var idi. Vay, düşündüm, mən Amerikanı hələ belə bilmirmişəm!
Kişi o qədər də söhbətcil deyilmiş, amma bizə kömək etməyə razılaşdı. Rene ilə birlikdə onlar təkər axtarmağa getdilər. Biz isə həmin vaxt özümüzə yerli yerlər boyu ekskursiya təşkil etdik. Bütün maşın və treylerlərə boylandıq, eşşəkləri sığalladıq, daha bir cüt yerli sakinlə tanış olduq. Niyə onlar sivilizasiyadan uzaq, tərk edilmiş zibilxanada yaşamağı seçdiklərini soruşmağa utandıq, amma, məncə, bu onların şəxsi, şüurlu seçimi idi. Təkəri dəyişdikdən sonra, Rene yeni tanışımıza minnətdarlığını bildirdi, o, hətta puldan da imtina etdi. Sağollaşaraq, yolda davam etdik.
Xoşbəxtlikdən, yolun qalan hissəsini macərasız qət etdik. Axşam biz artıq LA-da idik, mən yenə sevimli okeanımı gördüm və həyatın gözəl olduğuna bir daha əmin oldum. Həyatımdakı ən maraqlı macəra yekunlaşdı və hətta mən bir az böyüdüyüm kimi göründü.

