İşəgötürənimiz bütün yay ərzində kollektivin darıxmaması üçün müxtəlif oyunların və hədiyyələrin olduğu Staff Party təşkil edirdi. Beləcə, bütün yay boyu səylə çalışdıq.
İndi isə Amerikada nəyi dəyişərdim məsələsinə gəldikdə, Amerika çiyələklərini dadana qədər hər şey məni qane edirdi. Bilmirəm, bəlkə mənə elələri düşdü, ya da həqiqətən belədir: görünüşcə çox təmiz və dadlı görünürdülər, amma dadı bizimkilərdən tamamilə fərqli idi, yəni qeyri-təbii idi, dadı yox idi. Ən maraqlısı odur ki, bəzi amerikalılar bunların əsl dadlı çiyələk olduğunu düşünürlər. Sadəcə onlar bizim bağ məhsullarımızın dadına baxmayıblar.
Amerikada hər şeyin çox əlçatan olması mənim çox xoşuma gəldi. Bütün yay işlədik, istirahət günlərimiz az idi, səyahət planlarımızı sentyabr ayına saxlamışdıq. Yay boyu yavaş-yavaş doğmalarımıza və yaxınlarımıza hədiyyələr toplayırdıq. Qızlar tez-tez internet mağazalardan alış-veriş edirdilər və mallar bir neçə gün ərzində qapımızın ağzında olurdu. Pulsuz Wi-Fi şəbəkələrinin əlçatanlığı sayəsində yerli SİM kart alana qədər doğmalarımızla rahatlıqla əlaqə saxlaya bilirdik. Velosipedlərin əlçatanlığı da çox yaxşı idi; bəzi uşaqlar onları kilsələrdən götürürdülər. Bizə ev sahibimiz vermişdi, həmçinin bilirəm ki, bəzi uşaqlar mağazalardan yeni velosipedlər götürüb, sadəcə depozit ödəyirdilər və sonra geri qaytarırdılar. Bizdə belə bir əlçatanlıqla hələ qarşılaşmamışam. Həmçinin içməli suyun əlçatanlığı da çox yüksək səviyyədədir.


