Sabah bu gün dünənə çevriləcək.
Mən yeni həyata başlamağa qərar verdim. Qəti və dönməz şəkildə. Yalnız bir sual qaldı: nə vaxt?
Cavab şübhəsiz idi: elə sabah.
Lakin ertəsi gün oyananda ətrafımda yenə dünənki kimi bu gün olduğunu gördüm. Yeni həyata sabah başlamağa qərar verdiyim üçün bu gün onu heç cür başlaya bilməzdim.
- Hər şey itirilməyib, - deyə düşündüm. – Axı sabah mütləq sabah olacaq.
Və günü sakitcə köhnə qaydada yaşadım. Vicdan əzabı çəkmədən, əksinə, parlaq fikirlər və göy qurşağı ümidləri ilə dolu halda. Amma nə edəsən: ertəsi gün yenə bu gün idi – tamamilə dünənki və srağagünkü kimi. - Sabahkı günü daim bugünkü günlə əvəz edən şeytan üçün mən günahkar deyiləm. Mənim qərarım qəti və dönməz idi. Və mən bir daha cəhd etməyə qərar verdim – bəlkə şeytan yorular və sabah nəhayət sabah gələr?
Heyhat, bu baş vermədi. Hər gün ancaq bu gün və bu gün. Sonda ümidimi itirdim. - Heç bir sabah, deyəsən, artıq heç vaxt olmayacaq, - deyə qərar verdim.
– Bəlkə, belədirsə, bu yeni həyata sabah yox, bu gün başlayım?
Lakin dərhal başa düşdüm ki, bu tamamilə absurddur. Axı əgər bu qədər vaxtdır ki, eyni bu gün təkrarlanırsa, deməli, bu gün artıq çox köhnədir, yəni bu gün başlanan hər hansı həyat mütləq çox köhnə olacaq. Yenisini isə yalnız başlanğıcdan, yəni sabahdan başlamaq lazımdır, əgər onun həqiqətən yeni olmasını istəyirsənsə.
O, sabah mütləq yeni həyata başlayacağına qəti əminliklə yuxuya getdi. Axı necə baxsan da, heç olmasa bir sabah olmalıdır.



