Mən cənnətdəyəm! Cənnətə düşmüşəm! Heç bilmirdim, ağlıma da gəlməzdi ki, belə ola bilər! Xeyr, bu o demək deyil ki, hər şey bitdi: burada qalacağam. Amma mən Afrikaya vurulmuşam! Və yəqin ki, bundan sonra ömrümün sonuna kimi onu sevəcəyəm. Cənubi Afrika Respublikasına şübhə ilə yanaşan və "yoxlanılmış yerlərə" getməyin daha yaxşı olduğunu düşünən insanlar nə qədər axmaqdırlar. (Yaxşı, hamımız bu yerlərin haralar olduğunu bilirik, gəlin adlarını ucadan çəkməyək?!) Nik mənə velosipedini borc verdi. Görünüşcə o (velosiped) kifayət qədər yaxşı görünür. Amma əslində, dəmirdəndir. Yəni at qədər ağırdır. Arxa dişlisi sıradan çıxıb və kim bilir, daha nə qədər dözəcək? Ön əyləci yaxşı işləmir, amma bu, ön təkərdəki əyrilikdəndir. Amma ümumilikdə — sadəcə super?! Dünən onunla sahil boyu sürdüm. Bütün Bəntri Bey və Kliftonu keçdim, amma Kəmps Beyə çata bilmədim. Başqa vaxta qaldı. Orada şəhərin ən böyük çimərliyi var. Hərçənd yenə də Atlantik okeanıdır. Amma heç nə olmaz. İnsanlar yayda yenə də çimirlər. Hind okeanına çatmaq üçün isə maşınla İynə burnuna qədər üç saat yol getmək və ondan o tərəfdə çimmək lazımdır. Hind okeanı Atlantik sularından daha istidir. Gözəl fotolar çəkdim. Yol, Keyptaunda həmişə olduğu kimi, dağların ətəyi ilə uzanırdı. Dalğalar, bulud papaqları taxmış On iki həvari dağları! 13 oktyabr 2008

