Amerika təsvir olunmaz təbiət gözəlliyi, valeh edici göydələnləri və təsirli binaları ilə böyük bir ölkədir! O, özündə bir çox xalqları və millətləri birləşdirib ki, bu da insanı heyrətləndirir. Sanki bir ölkədir, lakin hər bir ştat özünəməxsus xüsusiyyətləri ilə unikal və maraqlı olan ayrı bir "kiçik ölkə" kimidir.
Düşünürəm ki, hər birimiz kimi mən də ora getməyi çox istəyirdim, lakin ailənin kiçik övladı olduğum üçün valideynlərimi proqramda iştirak etməyə razı salmaq çox vaxtımı aldı. Bəli, əlbəttə, okeanın o tayına uçub, haqqında çox eşitdiyimiz yad bir ölkədə düz üç ay yaşamaq mümkünsüz görünür, lakin bunların hamısı realdır – sadəcə bir addım atmaq, öz gücünə inanmaq və hazırlığa başlamaq lazımdır!
Mən valideynlərimi iki il dilə tutdum və iki il ard-arda rədd cavabı aldım, lakin yenə də geri çəkilmədim və bilirdim ki, mütləq ora gedəcəyəm. Nəhayət, üç illik cəhdlərdən sonra valideynlərimin uzun müddət gözlədiyim razılığını aldım və düzünü desəm, xoşbəxtliyimə inana bilmirdim ;) Lakin sonradan onlar məni hər şeydə dəstəklədilər və uğur qazanacağıma inandılar.
Əlbəttə, razılıq almaq yalnız ilk addım idi, sonra müqavilənin bağlanması, proqram ödənişi, sənədlərin toplanması, job offer tapılması və ən əsası – konsulluqda müsahibə gəlirdi. Çox güc sərf olundu və bütün il narahatlıqla keçdi, lakin bunlar xoş xatirələrdir və indi gülümsəyərək xatırlayıram: hər gün poçtu yoxlayaraq IEC və InterExchange-dən məktub gözlədiyimi, konsulun bütün mümkün suallarını təkrar-təkrar oxuduğumu və əvvəlki iştirakçıların belə postlarını və bloqlarını izlədiyimi))







