Viza aldıqdan sonra bir yüngüllük hiss edirsən və nələri götürüb, nələrdən imtina etmək barədə düşünməyə başlayırsan. Artıq Amerikadakı ilk günlərini xəyal edirsən, belə deyək, o məşhur 'çemodan əhval-ruhiyyəsi' yaranır. Mən də pasportumu alıb bütün imtahanlarımı verdikdən sonra çamadanımı yığmağa başladım və yay tətillərimə doğru yola çıxdım.
Dostlarımla birlikdə Vyana vasitəsilə uçdum. Nyu-Yorka çatmaq asan olmadı və yol ümumilikdə 15-16 saat çəkdi. Nyu-Yorka enəndə okeanı keçdiyimə və bütün yay boyu ailəmdən uzaqda, tanımadığım bir mühitdə yaşayacağıma inana bilmirdim. Sevincimin həddi-hüdudu yox idi, emosiyalarım coşurdu. Dünyanın ən çox ziyarət edilən yerlərindən biri olan məşhur Times Square-ə çatanda dostlarımla birlikdə ağzımız açıq qalmışdı.
Təəssüf ki, o vaxt şəhəri gəzməyə vaxtımız olmadı, çünki şəhərimizə biletləri əvvəlcədən almışdıq. Bütün dostlarımız öz şəhərlərinə dağılışdılar, biz isə rəfiqəmlə tək qaldıq. Bizim Job offer-imiz Viskonsin ştatının mərkəzi hissəsinin cənubunda yerləşən Wisconsin Dells şəhərinə idi.
Biletləri hamıya məlum olan Greyhound avtobusuna aldıq, 25 saat yol getməli və beş dəfə transfer etməli idik. Əlbəttə, çoxları deyərdi ki, təyyarə ilə uçmaq daha asan olardı, bəlkə də elədir, amma uçuşdan əvvəl çoxlu şərhlər oxumuşdum və insanların 15-25 saatlıq avtobus səfərləri haqqında dəhşətli hekayələrini eşitmişdim. Mən də macəralı bir yol keçib bu səyahətin ömürlük yaddaşımda qalmasını istədim. Elə də oldu, yol çox uzun çəkdi. Xoşbəxtlikdən avtobusda Wi-Fi və rozetkalar var idi, avtobuslar çox rahatdır, lakin bir mənfi cəhəti odur ki, onlar çox-çox soyuq olur. Ümumiyyətlə, Amerikadakı bütün nəqliyyat növlərində (təyyarə, qatar, avtobus) çox soyuq olur, xüsusilə gecələr. Ona görə də məsləhətim odur ki, əgər siz də avtobusla getməyə qərar versəniz, özünüzlə çoxlu isti geyim, daha yaxşısı isə rahat bir pled (örtük) götürün.








