Növbəti dayanacaq Filadelfiya şəhəri oldu. Bu, çoxlu təəssürat və emosiyalarla dolu heyrətamiz bir səyahət idi. Muzeylər, fəvvarələr, memarlıq, çoxlu sayda universitetlər, sevimli dizayner məkanları, kafelər, kiçik yeməkxanalar, küçə sənəti, tam başa düşülməyən sürrealist abidələr, göydələnlər, qeyri-adi geyinmiş insanlar – bütün bunlar məndə böyük heyranlıq doğurdu! İnsanlar çox azad və açıq görünürdülər! Kimsə parkda otun üstünə döşəkçəsini sərib yoqa ilə məşğul olurdu, kimsə sadəcə günəşlənirdi, kimsə kitab oxuyurdu, kimsə əhliləşmiş kimi görünən sincabları yemləyirdi – həmin an mən özümü əsl Amerika həyatının bir hissəsi kimi hiss etdim.
ABŞ-da mən özümün Amerika üzrə yetkinlik yaşımı – 21 yaşı qeyd etməyə nail oldum. Bu, müxtəlif ölkələrdən olan yeni dostlarımın, o cümlədən amerikalı dostlarımın əhatəsində çox əyləncəli keçdi. Əminliklə deyə bilərəm ki, bu, mənim ən unudulmaz və qeyri-adi ad günümdü! İşdən boş günlərimizdə biz həyətdə toplaşır, barbekü edir, tonqal üstündə Amerika zefirlərini qızardır və bir-birimizə həyatımızdan hekayələr danışırdıq.
Amerika supermarketlərindəki məhsul çeşidi məni heyrətləndirməkdən yorulmurdu: rəflər sadəcə «tənbəllər üçün mallar» ilə dolu idi. Orada hər şeyi və hətta ondan da artığını tapmaq olardı. Baxmayaraq ki, Amerika yeməkləri məni ümumiyyətlə heyran etmədi, əksinə, bir az məyus etdi, çünki onlar çox unhealthy və kimyəvi maddələrlə doludur, lakin mağazalarda xoş şirniyyatları da asanlıqla tapmaq olardı. Çox təəccübləndim ki, Amerika bütün dünyada fastfudun vətəni olmasına baxmayaraq, orada fastfud o qədər də dadlı deyil.
Wildwood-u mən xüsusi istilik və həyəcanla xatırlayıram, çünki Amerika səyahətimin böyük hissəsini orada keçirmişəm və Wawa – dadlı selfmade qəhvə, sendviçlər və mehriban amerikalı işçilərlə söhbət etmək üçün qaçdığımız ərzaq mağazaları şəbəkəsinə, kiçik şəhərin belə sakit və ölçülü həyatına, Dunkin’ Donuts-un cəlbedici ponçiklərinə çox öyrəşmişdim. Ah, necə də darıxıram! Boardwalk-da isə həmişə inanılmaz bir şey baş verirdi. Çoxlu sayda yerli sakinlər, J-1 tələbələri və sadəcə istirahətə gəlmiş amerikalılar. Orada müxtəlif oyunlar oynamaq, müvafiq kostyum geyinərək özünü qanqster kimi hiss etmək və ya oyun avtomatlarında bəxtini sınamaq, attraksionlarda gəzmək, bütün günü su parkında keçirmək, gözünün qabağında hazırlanmış şokoladı, karameldə böyük almanı yemək, pirsinq və ya tatu etdirmək, bir neçə dəqiqə ərzində öz şəklin olan futbolka və ya telefon qabı almaq, şəhərin ən yaxşı pizzasını dadmaq və ya sadəcə okean havasını ciyərlərinə çəkərək gəzmək olardı.




