Ocean City-də mən ilk dəfə Atlantik okeanı ilə tanış oldum. Tanışlıq çox şiddətli oldu və mənə elə gəldi ki, okeanın xoşuna gəldim. Dalğaların hündürlüyü və gücünə görə uzun müddət ayaq üstə dura bilmədim. Delfinləri görməyi gözləyirdim, amma onların düşmənləri ilə qarşılaşacağımı heç ağlıma da gətirməzdim. Atlantik okeanında çimərkən köpəkbalığı ilə rastlaşdım. Əvvəlcə sahildə dayanan rəfiqəmin qışqırığını eşitdim, sonra isə çiyinimdə quyruq zərbəsini hiss etdim. Mən panikaya düşmədim, daha çox şokda idim. O an hər şey mənə ləngidilmiş kadr kimi göründü və mən tez özümü toplayıb sahilə üzdüm. Allaha şükür, sudan sağ-salamat çıxdım. Mən özüm köpəkbalığı ilə «üz-üzə» gələcəyimi heç gözləmirdim. Hər şey yaxşı bitdi, amma yenə də ehtiyatlı olun. Beləliklə, Amerikada belə bir təcrübəm də oldu. Okeanda köpəkbalığı ilə görüşə rahatlıqla işarə qoya bilərəm. Həyatım üçün bir görüş artıqlaması ilə bəsdir.
Mən amerikalılarla və müxtəlif ölkələrdən olan proqram iştirakçıları ilə dostlaşdım. Biz öz adət-ənənələrimiz və mədəniyyətimiz haqqında biliklərimizi bölüşürdük, dostlarımız isə öz biliklərini bizimlə paylaşırdılar. Bu, mədəni mübadilə idi. Xaricdə vaxt həqiqətən fərqli keçir. Burada bizim qohumlarımız, dostlarımız və ya hər hansı tanış bir şey yoxdur. Yaxınlaşıb dost qazandıqda, elə gəlir ki, bəzilərini artıq çoxdandır tanıyırsan. Mən «Ocean Side» pitseriyasındakı kollektivimi çox sevdim. Bizdə həmişə mehriban mühit hökm sürürdü, rəhbərimiz Cenett isə bizi öz ailəsi kimi gördüyünü deyirdi.

