Amerika macəraları heç vaxt bitmir və heç kimi darıxdırmır. Ora getdikdən az sonra özümə yeni dost tapdım. O, qırğız balası Elzar İsayev idi. Mən onu əvvəlcə qazax hesab etmişdim, sən demə qırğız imiş. Onun çox oxuduğu, hər tərəfdən xəbərdar olduğu görünürdü, lakin dezinformasiya onun şüurunu tamamilə zəhərləmişdi. Mən onunla qazaxca danışanda, o mənə qırğızca cavab verirdi. Bir-birimizi 70-80 faiz başa düşürük, başa düşmədiyimiz yer olanda o rusca, mən isə ingiliscə deyirdim. Bundan sonra əmin oldum ki, qazax xalqı ilə qırğız xalqı arasında ciddi bir fərq yoxdur. Meymunla insanın da oxşarlığı 99 faiz, fərqi isə cəmi 1 faizdir. Amma bu bir faiz belə meymunu insana çevirə bilməz. Eynilə, iki xalq arasındakı cüzi fərq heç vaxt qırğızı qazax etməz. Qazaxla qırğız heç vaxt bir bayraq altında olmayıb. Bəlkə 1-2 əsr bir bayraq altında yaşasaydılar, fərq böyüməzdi. Üstəlik, indiki Qırğızıstanda çox təhlükəli ideoloji proses gedir. Qırğız tarixçiləri və ideoloqları, istər populizm üçün, istərsə də dövlət sifarişi ilə olsun, ağlına gələni yazırlar. Elzarın sözlərindən anladım ki, orada qazax əleyhinə ideologiya formalaşır. Onların fikrincə, yer üzündə hər şey qırğızlardan törəyib. Qırğızlar qədim millətdir və hətta türk tayfalarına da aid deyillər. Guya o vaxtkı qırğızlar sadəcə türklərin təbəəliyini qəbul ediblər. Elzarın dediyinə görə, sonuncu xanımız Kənesarı qırğızları işğal etməyə gəlibmiş. Qırğızlar Kənesarıdan öz ölkələrini qoruyub və buna görə onu öldürüblərmiş. Bu nə dəhşətli dezinformasiyadır?! Bir neçə mövzuda xeyli mübahisə də etdik. Dövlət səviyyəsində belə ideologiya davam edərsə, qonşu ölkə öz xalqını zombiləşdirmək riski ilə üz-üzədir. Bunun sonu faşizmə gətirib çıxara bilər. Bəziləri düşünə bilər ki, balaca Qırğızıstan bizə nə edə bilər? Amma 5 milyona çatmayan əhalisi olan kiçik Finlandiyanın 140 milyon əhalisi olan Sovet İttifaqına güclü müqavimət göstərdiyini nəzərə alsaq, buna laqeyd yanaşmaq olmaz. Ona görə də gələcəkdə qırğızlardan ölkəmiz üçün təhlükə yaranması tamamilə mümkündür.
Sözdən söz çıxdı, həmin Elzarla sonradan bir yerdə işlədik. Bir gecə yarısı işdən qayıdarkən küçədə binaların şəklini çəkən və özlərindən razı görünən iki qız gördük. Mən dərhal dedim ki, bunlar qazax qızlarıdır. Elzar inanmadı. Yaxınlaşanda gördük ki, həqiqətən də qazaxdırlar. Biri almatılı Aysulu, digəri isə kerekulu Anastasiya Qluxareva idi. Qonşu Nyu-Cersi ştatının Uayldvud şəhərində işləyən qızlar bir günlük istirahətlərindən istifadə edib Delaverə səyahətə çıxıblar. Dördümüz evimin yaxınlığındakı 24 saat işləyən kafeyə gedib sübhə qədər oturduq. Ondan sonra Atlant okeanının sahilinə gedib günəşin doğuşunu qarşılamaq qərarına gəldik. Okeanın üzərindən qalxan günəşin şəfəqi həqiqətən də qeyri-adi dərəcədə gözəldir. Mən həyatımda ilk dəfə günəşin doğuşunu qarşıladım. Bu, 2014-cü il iyulun 23-də açılan səhər idi...

