İki aydan çox müddətdə 3 yerdə işlədikdən sonra, bir az pul yığdıqdan sonra səyahət etmək barədə də düşünməyə başladım. Mənim ən böyük arzum ABŞ-ın paytaxtı Vaşinqtonu görmək idi. İşlə məşğul olduğum üçün iyul ayında kilsənin təşkil etdiyi «Church trip»-dən də qaldım. Avqustun 20-də Pensilvaniya ştatının Lankaster şəhərində, hamının «Amish people» adlandırdığı alman anabaptistlərinin məskunlaşdığı Dutch Country-yə getdik. Bu məni ən çox təəccübləndirən şey oldu. Əgər o vaxta qədər kimsə mənə «21-ci əsrdə, sivilizasiyanın mərkəzində bir qrup insan sivilizasiyanın bütün nailiyyətlərindən şüurlu şəkildə imtina edib orta əsr həyat tərzi ilə yaşayır» desəydi, heç vaxt inanmazdım... Amma 2014-cü il avqustun 20-də belə bir möcüzənin olduğuna əmin oldum. Avropada Reformasiya və ondan sonrakı dövrlərdə xristian kilsələrinin hakimiyyətinin güclü olduğu vaxtlarda dini azadlıq axtarışında öz yurdlarını tərk edən insanların ilk dalğası 1715-ci ildə bura gəlib. Ümumiyyətlə, Amerikanın özünü azadlıq axtaran insanlar qurub. Ölkədəki kilsənin sərt hakimiyyətinə dözə bilməyən bir qrup insan 1620-ci ilin yazında «Mayflower» adlı gəmiyə minib, Atlantik okeanı vasitəsilə qərbə doğru yol alıb. İndiki insanların «Pilgrim fathers» deyə qürurla xatırladığı bir qrup insan bugünkü Amerikanın əsasını qoyub. Burada bütün insanlar üçün yaşamaq imkanı var, amma mənim üçün doğma yurdum dəyərlidir...
Pilgrim atalarından sonra Avropanın digər ölkələrindən də azadlıq axtaran müxtəlif qruplar gəlməyə başladı. Bura ilk dəfə ayaq basan hollandlar 1624-cü ildə hindulardan kiçik bir adanı indiki pulla hesabladıqda 24 dollara alıblar. Onu da pulla verməyiblər. muncuq, qab-qacaq kimi xırda şeylərlə dəyişiblər. Və həmin yerdə bu gün dünyanın paytaxtı deməyə layiq bir şəhər ucaldı. Bu, Nyu-Yorkun ürəyi Manhetten adası idi.
Anabaptistlərə gəlincə, onların vəziyyəti də başqadır. Onların ilk nəslindən nəsil qalmayıb. Çünki onların hamısı asket olub. Sonradan onlar öz icma üzvlərinə evlənməyə icazə veriblər. Yalnız bundan sonra onlar çoxalmağa başlayıblar. Onlar bu günə qədər orta əsr geyim üslublarını geyinirlər və digər insanlarla əlaqəyə girməkdən qaçırlar. Bizim səyahət qrupunun rəhbəri, Presviterian kilsəsinin köməkçi pastoru, əslən norveçli Garrez Tonnensen və mən onların məskənlərini seyr edərkən təsadüfən keçən iki «Amish» qızını gördük. Mən fotoaparatımı götürüb şəkil çəkmək və söhbət etmək niyyəti ilə onlara tərəf: «Excuse me, girls?» deyə qışqırdım, amma onlar məni eşitmək imkanları olsa da, qulaq asmadan keçib getdilər. Pastor Garrez «Onlar heç kimlə danışmırlar» dedi. Sivil mühitdə bir-biri ilə yarışaraq oynayan 14-15 yaşlarında iki qız duman içində azmış iki ruhu təsəvvür etdirdi gözlərimin önündə. Bəli, doğrudan da insanı heyrətə salan bir vəziyyətdir. İndi desəm, yəqin inanmazsınız, onlar bizim istifadə etdiyimiz bütün nailiyyətlərdən imtina ediblər. Saat, nikah üzüyü, qalstuk, yeni üslublu geyimlər dediklərinizin hamısından tamamilə imtina ediblər. Maşın sürmürlər, elektro-texnikaların heç birini, hətta elektrik işığını da istifadə etmirlər. Hamısını əllə edirlər. Suyu da quyudan çəkib içirlər. Amerikada onlardan varlı insanlar yoxdur. Varlı olmasınlar, nə etsinlər, hər biri zəhmətkeşdir və artıq xərcləri yoxdur. Onlar toy edəndə bütün icma üzvlərini çağırıb dəbdəbəli süfrə açırlar. Bu cəhətdən bir az qazaxlara bənzəyirlər. Amma yenə də mənim şüurum onların həyat tərzini qəbul edə bilmədi. İnsanların dediyinə görə, onların öz məktəbləri var, o məktəblərdə yalnız sadə arifmetika əsaslarını, ingilis dilini, alman dilini və qədim alman dilini oxuyurlar. Amerikada yaşasalar da, öz alman dillərində danışırlar. Onların günü səhər kilsələrində qədim alman dilində ibadət etməklə başlayır. Belə müxtəlif dini azlıqları dünyanın hər bir bucağında görmək olar. Məsələn: Ermənistandakı «Molokanlar», Rusiyadan qovulmuş «Staroverlər» və s. Buna Yunanıstandakı monastır sakinlərini də əlavə etmək olar. Bunlara baxanda saqqallı qoca kişinin «Din insan şüurunu zəhərləyən tiryəkdir» sözü istər-istəməz yada düşür. Bəli, Karl Marks necə olsa da, düz deyib...
Kiçik yaşımdan görməyi arzuladığım Vaşinqtonu 2014-cü il sentyabrın 2-də gördüm. Ən maraqlısı odur ki, niyə olduğunu bilmirəm, bu şəhəri görməyi 11 il ərzində arzulayırdım. Arzular tez və ya gec həyata keçir. Sadəcə arzundan imtina etməməlisən. Follow your dreams. They know the right way!
Nyu-Yorku da bir az gəzdim. Amma onu tam gəzmək üçün bir az vaxt lazımdır. Sentyabrın 28-də Con F. Kennedi hava limanından Milana uçdum. Milandan Moskvaya gəlib, qardaşımın evində bir gün qalıb qatara mindim. Fevralın 4-də Aktobeyə gəldim. Qatardan düşəndə qarşımda məni gözləyən atam dururdu...
