Yer üzündə səyahət etməyi sevməyən insan yoxdur. Amma çoxları üçün bu arzunun ən son sıralara düşüb, ömür boyu əlçatmaz bir hədəfə çevrilməsi sirr deyil. Tarixdə silinməz iz qoyan böyük insanlar belə çox səyahət ediblər. Məhz bununla inkişaf ediblər. Ona görə də səyahət insanın inkişafına yol açır. «Work and Travel» proqramı tələbələr üçün əla fürsətdir. Ona görə də özünüzə güvənirsinizsə, ingilis dilində danışa bilirsinizsə və ali məktəbin əyani şöbəsinin tələbəsisinizsə, Amerikanın qapısı sizin üçün açıqdır.
Çoxlu tələbəni narahat edən vacib sual: «Mən ora getsəm, xərclədiyim pulu çıxara bilərəmmi?». Mən bu suala belə cavab verərdim: «Hər şey özünüzdən asılıdır. Əgər yaxşı işləsəniz, yaxşı qazanarsınız. Bunun üçün vaxtı boş keçirməyib ikinci iş tapmaq lazımdır. İmkanınız varsa, üçüncü iş də artıqlıq etməz. Tənbəllik etmədən, qanunu pozmadan işləsəniz, xərclədiyiniz pulu 2, hətta 3 qat çıxara bilərsiniz. Bir işin pulu yalnız proqrama gedən xərcləri ödəyir. Bir işdən səyahətə, şopinqə pul qalmır».
Burada daha bir sirri açım: «Amerikada ikinci iş axtararkən qapılarında «Now hiring», «Help wanted» yazısı olan yerlərə də, olmayan yerlərə də girib iş axtardığınızı söyləyin və aplikasiya doldurub gedin. Qarşınıza çıxan restoran, otellərin hamısına müraciət etmək lazımdır. Nəhayət, biri sizi dəvət edəcək. Sonra aplikasiya doldurarkən Social Security Card nömrəsini yazan yer var. Çoxları əllərində belə nömrə olmayanda o yeri boş saxlayır. O yeri heç vaxt boş saxlamaq olmaz. Öz nömrəniz yoxdursa, istənilən 9 rəqəmdən ibarət nömrəni bu formatda yazın: XXX-XX-XXXX. Məsələn: 123-45-6789. Sonra öz nömrəniz gələndə rəhbərlərinizə səhv etdiyinizi deyib üzr istəyərək, həmin kağızı alıb düzgün nömrəni yaza bilərsiniz. Rəhbərləriniz Social Security Card-ınızın olub-olmadığını soruşanda var demək lazımdır. Göstərməyi istəsələr «Bəli, sabah gətirəcəyəm» deyib, ertəsi gün «unutduğunuzu» söyləyərək 2-3 günə qədər vaxtı uzada bilərsiniz. Həmin vaxtda öz nömrəniz də gəlib çıxacaq.
Mən Amerikada 4 ay 3 gün qaldım. Mən tək getdim. Siz tək getməyin! Ən azı 2 nəfər, imkan varsa cütlük olaraq getmək daha yaxşıdır. Yoxsa mənim kimi gəzəcəksiniz və hər kəsə: «Can you take my picture? Can you take my picture?» deyib yalvaracaqsınız. Biri düz çəkir, biri düz çəkmir. Bunların hamısına vaxt gedir. Vaxt isə bizim ömrümüzdür. O, gözümüzün qabağında ötüb keçir. Ona görə də imkanımız daxilində çox şey etməyə çatdırmalıyıq. Elə isə evdə tənbəllik etməyib InterExchange-ə müraciət edin və öz yolunuzu tapın!
P.S. Bir də onu deyim ki, öz həyatınız öz əlinizdədir. Min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Sonra Amerikada olarkən heç vaxt oğurluq və digər cinayətlərə əl atmayın! Oğurluğun sonu rüsvayçılıqdır! Cinayətin sonu cəzadır!
