Nyu-York bitməz-tükənməz söhbət mövzusudur, öz qaydaları ilə yaşayan xüsusi bir dünyadır. Həmçinin, bu, dünyanın ən populyar turistik şəhəridir. Nyu-Yorkda mütləq görülməli olan çoxlu yerlər var. Lakin təəssüf ki, mən onlardan yalnız bəzilərinə baş çəkə bildim.
Sözə, bəlkə də, bütün dünyaya məlum olan o faciəvi yerdən – əkiz qüllələrin yerləşdiyi World Trade Center-dən başlayım. Həmin hadisələri Amerika xalqının göz yaşlarını və ağrısını simvolizə edən iki fəvvarə xatırladır. Düşünürəm ki, Nyu-Yorkda olma şansı qazanan hər kəs bu yeri mütləq ziyarət edəcək.
World Trade Center
Bəs Lower Manhattan, Wall Street və Times Square olmadan necə olar? Vaxtımın məhdud olmasına baxmayaraq, orada olmamaq və Statue of Liberty-ni öz gözlərimlə görmək fürsətini qaçıra bilməzdim. Şəhərin iki hissəsini – Bruklin və Manhetteni birləşdirən, işıqlara bürünmüş Bruklin körpüsü məndə böyük təəssürat yaratdı. Wall Street-in dar küçəsi bizi Nyu-Yorkun maliyyə rayonunun qeyri-rəsmi simvolu olan və güc və əzmkarlığı təmsil edən nəhəng bürünc öküz heykəlinə apardı. Hər kəs maliyyə uğuru üçün ona toxunmağa çalışır, biz də bunu etdik))
Gecə Brooklyn bridge
Nyu-Yorkda ən populyar yer Times Square-dir. Heyrətamiz mənzərə – işıqlar, reklamlar, çoxlu insanlar, butiklər, teatrlar – Times Square bunların hamısını özündə birləşdirir. Məni rəngarəng M&M’s kürəcikləri ilə dolu nəhəng kapsulları olan dördmərtəbəli M&M’s mağazası heyrətləndirdi. Həmçinin Central Park, Empire State Building, Madison Square Garden-ə də getməyi çox istəyirdim, amma alınmadı... Budur, Nyu-Yorka qayıtmaq və qalanlarını öz gözlərimlə görmək üçün bir bəhanə )))
Times Square – əsl dəlilik
M&M’s – bax, bunu sevirəm)




