Bizə Kaliforniyadakı ayılar haqqında çox danışırdılar. Düzdür, onları adi itlər kimi təsvir edirdilər: çox kiçik, güclə yeriyən və heç kimə toxunmayan. İyun ayının yarısı biz belə bir «it balası»nı canlı görməyi çox istəyirdik, lakin bu istəyimiz dincəlib bir az viski içmək qərarına gəldiyimiz ana qədər davam etdi. Deməli, gecənin təmiz havasını almaq üçün balkona çıxıram və birdən yol boyu öz güclü pəncələrini rahatlıqla atan nəhəng, yox, NƏHƏNG bir heyvan görürəm. Təbii ki, Sankt-Peterburqda yaranan o fikir — yəni sevimli ayını sığallamaq istəyi bir anda yox oldu, viski içmək də artıq o qədər maraqlı deyildi.
Bundan sonra biz demək olar ki, hər gecə evə qayıdarkən ayılarla qarşılaşırıq. Gündüzlər onlar meşədə gizlənirlər, qaranlıq düşəndə, hər yer sakit olanda isə onlar «asan» qida, yəni zibil qutularında yemək axtarırlar. Polis sakinlərin, kafe və mağaza sahiblərinin konteynerlərə məcburi qıfıl vurmalarına çox ciddi nəzarət edir. Məsələ ondadır ki, belə asan qida ilə doyan ayı ov etməyi dayandırır, qış yuxusuna getmir və sonra tələf olur. Təəssüf ki, ayılar yenə də hər hansı bir çatlağa pəncələrini soxub konteynerin heç olmasa bir hissəsini açmağa müvəffəq olurlar.
Sakinlər evlərinin girişinə cərəyanı tənzimlənən naqillər asırlar, çünki ayının evə girib mətbəxdəki bütün yeməyi yediyi hallar olur, yerli polis isə onları maşınla izləyib meşəyə qaytarmağa çalışır. Taho gölü ətrafında insana hücum halları qeydə alınmayıb. İnsanlar onlardan elə də qorxmurlar, çünki ayı ilə qarşılaşdıqda davranış qaydalarına riayət edirlər.
Kaliforniya bayrağında qrizli təsvir olunması əbəs yerə deyil.
P.s. mağazamızın arxasında isə sadəcə nəhəng yenot ailəsi yaşayır.

