Həyatımızdakı bəzi qərarlar zaman keçdikcə bizi peşman edə bilər, lakin insanı heç vaxt peşman etməyən bir şey var, bu da səyahətdir. Səyahət etmək üçün yığdığınız pulu və qızıl dəyərində olan vaxtınızı xərcləsəniz belə, artıq olmaz. Dünya malını həyatın hər mərhələsində tapa bilərsiniz, lakin gəncliyin coşğun çağlarında keçirdiyiniz xüsusi anlar qızıldan da dəyərlidir. Ölkə gəzmək, yer görmək həyatın parlaq tərəflərini göstərir və çoxlu kitabların və ya universitetlərin verə bilməyəcəyi qiymətsiz biliklərlə dünyagörüşünüzü genişləndirir. Qocaldığım vaxt keçmiş həyatıma yalnız heyranlıqla baxmaq və gənc-qoca hər kəsə səmimi şəkildə danışa bilmək üçün arzumdakı həyata ilk addımı məhz indi atmalıyam deyə düşünürəm.
Çoxlu ölkələrə səyahət etmiş insanları eşidib-görsəm də, hər bir insanın səyahət etmək üçün sonsuz imkanı olduğunu Türkiyəyə ilk dəfə ayaq basdığım an anladım. Filmlərdən və seriallardan görüb öyrəndiyim gözəl təbiəti öz gözümlə gördükdə, səyahətin həyatımın bir parçası olduğuna əmin oldum. Türkiyənin 5 ulduzlu otelində işlədiyim müddətdə yeni mədəniyyəti hiss etdim. Əvvəllər otel sahəsində işləmədiyim və türk dilini orta səviyyədə bilsəm də, özümə inamsız şəkildə işə başlamışdım. Hər zaman iş başlamazdan əvvəl həyəcanlanırdım. Bir gün mənə restoran daxilində məsuliyyətli iş tapşırıldı və:
-Nə qədər vaxt lazımdır?-deyə soruşdular.
-30 dəqiqə,-deyə cavab verdim və işə başladım. Bütün məsuliyyəti öz üzərimə götürdüyüm üçün işi mükəmməl yerinə yetirməyə çalışdım. Yarım saatdan sonra şef gəldi və işimdə heç bir səhv tapa bilmədi. Bundan sonra:
-Afferin (barıqalla),-dedi.
Məhz bu anda içimə inam gəldi. Beləliklə, zaman keçdikcə restoran şeflərindən və yanımdakı həmkarlarımdan yalnız xoş sözlər eşitməyə başladım. İşimi yaxşı gördüyümü deyərək, mənimlə birlikdə işləməyə can atacaq səviyyəyə çatdılar. Beləliklə, Türkiyə mənə inam bəxş etdi və mən öz qabiliyyətimi qiymətləndirməyi öyrəndim.
Başqa ölkəyə səyahət etmək bizi xoşbəxt edir, lakin həmin ölkədə bir neçə ay yaşayıb, özgə millət nümayəndələri ilə bir yerdə yemək yeyib, birlikdə sevinib, birlikdə kədərlənib, sirləşdiyimiz anları heç nə ilə əvəz etmək mümkün deyil. Məhz belə bir anda hansı millət olmağımızdan asılı olmayaraq, hamımızın yer planetində yaşayan “insan” adlı məxluq olduğumuz yenidən yada düşür. Belə hisslərdən sonra mən «səyahət etmək üçün verilən hər bir fürsətdən istifadə etməliyəm» qərarına gəldim.
Hazırda tələbələrə verilən xüsusi imkanlardan biri - Work and Travel proqramıdır. Bir neçə il əvvəl xaricə çıxmaq, işləmək, səyahət etmək kimi məsələlər mümkünsüz görünürdü, lakin hazırda hər bir insan maddi vəziyyətindən asılı olmayaraq, öz həyatını belə proqramlar sayəsində dəyişə bilir, inkişaf edə bilir və səyahət edə bilir. Gənclərin şüurunu oyatmaqla yanaşı, səyahətin vacibliyini göstərərək, böyük məbləğdə pul qazanmağa kömək edir. Proqram sayəsində hər il çoxlu tələbə Nyu York küçələrini gəzir, Hollivud kinolarında gördükləri tarixi yerlərdə öz izlərini qoyur və xüsusi hisslərlə vətənə qayıdırlar. Proqram vasitəsilə mən də öz qarşıma qoyduğum bir neçə arzu-məqsədimi reallığa çevirməyi hədəfləyirəm.
Əlbəttə, Amerikanı görmək kimin arzusu deyil ki, mən də bu ilki məqsədlərimin siyahısına bunu əlavə etmişdim. Çətinlik və qorxusuz uğurun gəlmədiyi məlumdur, iş prosesində də müxtəlif problemlər yarana bilər, lakin evdən ilk dəfə uzaqlaşdığımda, Astanaya vahimə ilə oxumağa getdiyimdə, Türkiyəyə təvəkkül edib getdiyim anlarımda da içimdəki bir güc məni hər zaman irəliyə itələmişdi. Məhz indiki anda da Amerikadək nəhəng bir ölkədə işləyib-səyahət etməyə hazır olduğumu hiss edirəm. İngilis dilində əhali ilə danışıb, özgə millət nümayəndələri ilə tanış olub, beynimdəki bəzi stereotipləri yox etmək istəyirəm. Öz mühitimi genişləndirib, yeni dostlar tapıb, müxtəlif insanlarla ünsiyyət qurmaq istəyirəm. Özgə yurdu tanıyıb-bilməklə yanaşı, yurdumuzun gözəl təbiəti, qonaqpərvərliyi və dadlı yeməkləri ilə bölüşüb, “Qazaxıstan” adlı ölkə haqqında anlayış formalaşdırmağa bütün gücümü sərf etməyi planlaşdırıram. İxtisasım turizm olduğu üçün, özgə yurdun yaxşı tərəfini öyrənib, yeni ideyalara yol açmaq mənim üçün çox vacib hesab olunur. Okean aşaraq, işləyərək, dünyagörüşümü genişləndirərək, gələcəkdə öz yurdumu çiçəkləndirmək istəyirəm. Öz bacılarıma və dostlarıma nümunə olaraq, məqsədimə çatmağı hədəfləyirəm.
Qeyd dəftərimdə yazılan bu ilki vacib məqsədlərimdən biri - valideynlərimə xaricdə istirahət təşkil etmək, daha dəqiq desək, tarixə dolu İstanbula səyahət etmələrinə səbəbkar olmaq idi. Şübhəsiz ki, onlar mənim üçün tökdükləri tərləri və ağarmış saçlarını bir kənara qoyanda, mənə xərclədikləri vəsaitlə bütün dünyanı gəzib çıxa bilərdilər. Lakin özünün deyil, övladının qayğısını çox düşünən valideynlərimi halal qazandığım gəlirlə xaricə çıxarıb, üzlərinə təbəssüm bəxş etmək istəyirəm. Yəni, Work and Travel proqramında iştirakımın növbəti səbəbi, məhz bu uşaqlıq arzumla birbaşa bağlıdır.
Beləliklə, tələbələrin həyata olan marağını oyadıb, hərtərəfli məqsədlərini yerinə yetirməyə səbəbkar olub, ən azı ilk böyük gəlirini qazanmağa kömək edən Work and Travel proqramının gələcəyinin parlaq olduğunu düşünürəm. Proqramın hər il Amerika arzusuna deyil, məqsədinə çevrilən gənclərin sayını artırdığına əminəm. Zaman keçdikcə bu imkanın yalnız tələbələrə deyil, müxtəlif yaşlı insanlara da verilməsini istərdim. Xaric görmüş, özünü hərtərəfli inkişaf etdirmiş, ingilis dilində sərbəst danışan, bilikli insanların sayı artsa, bu bütün dünya üçün böyük nailiyyət olardı. Mənim fikrimcə, ürəkdəki arzunu, gündəlikdəki məqsədi, dəftərdəki planı reallığa çevirəcək an gəldi! Gəlin bu yola birlikdə çıxaq, həmyaşıdım!

